16 Nisan 2015 Perşembe

Gözün quruluşu

Göz — insanın və heyvanların görmə sisteminə daxil olan, dalğa uzunluğunun işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edə bilən və görmə funksiyasını təmin edən duyğu orqanıdır.


     İnsan gözü mürəkkəb quruluşa malik olan optik sistemdir. Göz cisimlərin formasını, vəziyyətini və rəngini seçmək qabiliyyıtinə malikdir. Göz kürə formasındadır və bu kürə göz almacığı adlanır. Onun diametri təxminən 2,5 sm-dir. Göz xaricdən sklera qatı ilə əhatə olunmuşdur. Bu qat gözü xarici təsirlərdən qoruyur.
Skleranın qabaq hissəsi şəffafdır və buynuz təbəqəsi adlanır. Buynuz təbəqəsinin arxasında əlvan təbəqə yerləşir. Əlvan təbəqə hər bir insanda müxtəlif rəngdə olur.Buynuz təbəqəsi ilə əlvan təbəqə arasında suyabənzər maye var.

     Əlvan təbəqənin orta hissəsindəki deşik göz bəbəyi adlanır.Göz bəbəyi gözə daxil olan işığı tənzimləyir.Göz parlaq işıqlandıqda bəbək yığılır, zəif işıqlandıqda isə genişlənir.Gözə düşən işıqlanmadan asılı olaraq, göz bəbəyinin diametri 2 mm-dən 8 mm-ə kimi dəyişir.

     Göz bəbəyinin arxasında şəffaf cisim-büllur yerləşir.Göz almacığının daxili hissəsi şüşəyəbənzər maddə ilə doludur. İşıq şüaları işıqlanan cisimdən gözün xarici səthinə düşüb buynuz qişasından, şəffaf mayedən və bəbəkdən keçərək, büllura düşür və burada əşyanın kiçilmiş əks xəyalı alınır. Büllur qişa daha qabarıq və daha yastı ola bilir. Yaxındakı əşyalara baxdıqda büllurun əyriliyi artır, buna görə də şüalar gözdə daha çox sınır və tor qişada əşyaların aydın xəyalı alınır. Gözün dibi tor təbəqəsi ilə örtülmüşdür. Bu təbəqə çox nazik sinir tellərindən ibarətdir.
     Gözdə şüanı sındıran hissələr, yəni buynuz təbəqəsi büllur və şüşəyəbənzər maddə hamısı birlikdə optik sistem təşkil edir. Bu sistemin mərkəzi büllurun daxilində yerləşir.